İDMAN
Tokio Olimpiadasında uğurla çıxış edən Azərbaycan karateçiləri Vətənə qayıdıblar
Bakı, 9 avqust, AZƏRTAC
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan karateçiləri avqustun 9-da Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Olimpiya Oyunları tarixində ilk dəfə Tokio Olimpiadasında keçirilən karate yarışlarında uğurla iştirak edən idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.
Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.
Karateçilərimizdən Rafael Ağayev (kumite, 75) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar.
Digər gümüş medalı ölkəmizin aktivinə sərbəst güləşçi Hacı Əliyev (65 kq) yazdırıb. Yunan Roma-güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar.
Komandamızın digər bürünc medallarını cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) qazanıblar.
Azərbaycanın Olimpiya komandası medalların sayına görə 33-cü, əyarına görə isə 67-ci sırada qərarlaşıb.