Trans-Sakit okean Tərəfdaşlığına üzv ölkələr Böyük Britaniyanın pakta üzvlük prosedurana başlayıblar
Tokio, 2 iyun, AZƏRTAC
Trans-Sakit okean Tərəfdaşlığına (TPP) üzv olan ölkələr Böyük Britaniyanın pakta üzvlük proseduruna start veriblər.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar paktın üzvü olan 11 ölkənin nazirlərinin iyunun 2-də keçirilən onlayn görüşü zamanı qəbul edilib. Böyük Britaniya pakta qoşulmaq üçün fevralda müraciət edib.
Görüşə sədrlik edən Yaponiyanın iqtisadi bərpa naziri Yasutoşi Nişimura bildirib ki, koronavirus pandemiyası qlobal iqtisadi böhrana səbəb olub. Buna baxmayaraq, TPP postpandemiya dövrünün iqtisadiyyatını möhkəmləndirmək, onun dayanıqlı və hərtərəfli inkişafına təkan vermək gücündədir. Böyük Britaniyanın pakta qoşulması barədə müraciətini yüksək qiymətləndirən yapon nazir, bununla müqavilənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Görüş iştirakçıları Böyük Britaniyanın pakta daxil olması ilə bağlı müzakirələrin aparılması üçün işçi qrupların yaradılması barədə razılığa gəliblər.
Görüşdən sonra jurnalistlərlə görüşən Y.Nişimura bildirib ki, Böyük Britaniya Yaponiyanın həm qlobal iqtisadi, həm də mühüm ticarət və investisiya tərəfdaşıdır. Bu ölkənin TPP-yə qoşulması azad və ədalətli iqtisadi qaydaların formalaşmasına təkan verəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio