TRANSMİLLİ KORPORASİYALARDA HƏMKARLAR İTTİFAQLARI YARADILACAQDIR
Neft və Qaz Sənayesi İşçləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycanda həyat səviyyəsinin yüksəlməsindən, özəl bölmənin inkişafından danışmışdır.
Özəl bölmədə, həmçinin transmilli şirkətlərdə çalışan işçilərin maddi vəziyyətinin müəyyən dərəcə yaxşılaşdığını bildirən natiq, əməkçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsində müəyyən problemlərin mövcudluğunu vurğulamışdır. Onun sözlərinə görə, bu problemin aradan qaldırılması üçün transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması zəruridir.
Digər natiqlər də çıxışlarında transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması ideyasını dəstəkləmişlər. Bu məsələ ilə bağlı yığıncaq iştirakçıları adından Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən xarici neft şirkətlərinin işçilərinə müraciət qəbul edilmişdir.