Tunisin nüfuzlu “Əş-Şuruq” qəzetində Xocalı faciəsi ilə bağlı məqalə dərc edilmişdir
Bakı, 6 fevral (AZƏRTAC). Tunisin nüfuzlu ərəbdilli “Əş-Şuruq” qəzetində Xocalı faciəsi ilə bağlı geniş məqalə dərc edilmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə faktlar və rəqəmlər göstərilməklə 1992-cı il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən Xocalı şəhər sakinlərinin, o cümlədən çoxlu sayda qadın, uşaq və ahılların vəhşicəsinə qətlə yetirildiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, 1994-cü ildən başlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində dünya ictimaiyyətinə bu qətliamın həqiqətləri ilə tanış olmaq imkanı yaranmışdır.
Məqalədə Ermənistan silahlı qüvvələrinin və Sovet İttifaqının 366-cı alayının zirehli texnika və müasir atıcı silahlardan istifadə edərək əliyalın azərbaycanlılara qarşı bəşər tarixinin ən qəddar cinayətlərindən sayılan kütləvi qırğının törətdikləri vurğulanmışdır. Yazıda, həmçinin cinayətkarların qadın və uşaqların hüquqlarını müdafiə edən Cenevrə sazişini və hərbi əməliyyatların sivilizasiya çərçivəsində aparılmasına dair digər beynəlxalq qanunları şüurlu şəkildə pozduqları, lakin bu günədək ədalətli cəzalarını almadıqları diqqətə çatdırılmışdır.
Müəllif məqaləsində Azərbaycanın hazırkı rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində çoxsaylı cəhdlərini önə çəkmişdir. Qeyd edilmişdir ki, təkcə son üç ildə Azərbaycan və Ermənistan prezidentlərinin bu istiqamətdə ondan artıq görüşü olmuşdur. Məqalədə vurğulanmışdır ki, ATƏT-in Minsk qrupunun və digər beynəlxalq qurumlarının münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirilməlidir.
Yazının sonunda Azərbaycan xalqı qarşısında Xocalı faciəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və onun müxtəlif ölkələrin parlamentləri tərəfindən pislənməsinə nail olunmasının vacibliyi vurğulanmışdır.