Tural Gəncəliyev: Prezidentin parlamentdəki nitqinin məğzində vətəndaşların məmnunluğunun təmin olunması dayanır
Bakı, 14 mart, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında möhtəşəm nitq söylədi. Dövlətimizin başçısı hərtərəfli və dərin məzmunlu nitqi ilə Milli Məclisin beşillik fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdi. Prezidentin dərin məzmunlu çıxışının məğzində ölkə vətəndaşının məmnunluğunun təmin olunması dayanır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev söyləyib.
Deputat bildirib ki, dövlətimizin başçısı çoxistiqamətli nitqində ölkəmizin daxili və xarici siyasəti ilə bağlı fikirlərini səsləndirdi. Prezident İlham Əliyevin ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışdığını, qaçqınların, məcburi köçkünlərin problemlərinə toxunduğunu diqqətə çatdıran T.Gəncəliyev deyib: “İcma rəhbəri kimi bu problem bizə çox yaxındır. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər bizi bir daha əmin etdi ki, bu məsələdə Milli Məclis üzvlərinin də üzərinə böyük məsuliyyət düşür. Deputatlar iştirak etdikləri beynəlxalq təşkilatlarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində daha fəal olmağa, bütün imkanlardan istifadə etməyə borcludurlar. Dövlətimizin başçısı bütün deputatlara hücum diplomatiyasına üstünlük verməyi tövsiyə etdi. Bildirdi ki, təcavüzkar Ermənistanın əsl simasının dünya ictimaiyyətinə tanıdılması, ifşa olunması üçün bütün qüvvələr səfərbər edilməlidir. Prezident İlham Əliyevin bütün tövsiyələri Milli Məclisin üzvləri üçün çox dəyərlidir və bizim iş planımızın əsasını təşkil edir”.
Müstəqil Azərbaycan tarixində ilk dəfə bir qadının parlament sədri seçilməsini əlamətdar hadisə kimi qiymətləndirən deputat qeyd edib ki, altıncı çağırış Milli Məclisin Sədrinin qadın olması cəmiyyətimiz tərəfindən də yüksək dəyərləndirilir.
Dövlətimizin başçısının deputatların onlara mandat verən seçicilərinin yanında olması ilə bağlı tövsiyəsinə münasibət bildirən icma rəhbəri deyib ki, bu, Azərbaycan vətəndaşının məmnunluğunun diqqət mərkəzində saxlanıldığını deməyə əsas verir.
“Güclü parlament güclü Azərbaycan deməkdir”, - söyləyən T.Gəncəliyev diqqətə çatdırıb ki, son parlament seçkiləri demokratik şəraitdə keçdi və xalqımız öz iradəsini sərbəst şəkildə ifadə etdi. Deputat bildirib: “Altıncı çağırış Milli Məclisin yeni tərkibinin müəyyən edilməsi ölkəmizdə aparılan dərin islahatların davamı idi. Düşünürəm ki, Milli Məclis xalqın mənafeyini əks etdirməklə, yeni tərkibdə, yeni spikerlə dövlətçiliyimizin, müstəqilliyimizin qorunması işinə öz layiqli töhfəsini verəcək”.