Türk Dövlətləri Könüllü Təşkilatlarının gələn il üçün əlaqələndirmə görüşlərinin keçiriləcəyi ölkələr müəyyənləşib
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 5-dən etibarən başlayan və 10 mindən çox Azərbaycan könüllüsünü əhatə edən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində türk dövlətlərinin könüllü təşkilatlarının rəhbər və nümayəndələri ölkəmizə səfər ediblər.
Azərbaycan Respublikası Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ölkəmizdə vüsət alan könüllülük hərəkatının mexanizmi və bu hərəkatın inkişaf etdirilməsi istiqamətində atılan geniş addımlarla yaxından tanış olub. Dekabrın 13-də Bakı Konqres Mərkəzində keçirilən “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”nda da iştirak edərək ölkəmizdəki könüllülük təcrübəsinə əyani şahidlik ediblər.
“Azərbaycan Könüllülük Həftəsi 2023”ün davamı olaraq Qubada təşkil edilən “Dəmir Yumruq Könüllülərin Həmrəylik Düşərgəsi”ndə iştirak edən Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın könüllü təşkilatlarının rəhbər və nümayəndələri ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında dekabrın 14-də əlaqələndirmə görüşü həyata keçirilib. Görüşdə ölkələr arasında təcrübələrin bölüşdürülməsi, könüllü fəaliyyəti haqqında beynəlxalq standartların hazırlanması, hər bir ölkə üzrə könüllülüyün istiqamətlərinin sənədlər üzrə bölünməsi haqqında müzakirələr aparılıb. İnteraktiv müzakirələrin nəticəsi olaraq Türk dövlətləri arasında könüllü fəaliyyəti üzrə əməkdaşlıq ediləcək istiqamətlər müəyyənləşdirilib. Hər dövlət özünəməxsus könüllülük təcrübəsinin digər tərəfdaş ölkələrdə təqdimatlarının keçirilməsinə və könüllü fəaliyyətləri haqqında standartların mübadiləsi razılığına gəlinib. Həmçinin görüşün yekununda Türk Dövlətləri Könüllü Təşkilatları arasında əməkdaşlıq imkanlarını daha da gücləndirmək, inkişaf etdirmək və fəaliyyətlər üzrə növbəti addımların müəyyənləşdirilməsi məqsədilə əlaqələndirmə görüşlərinin 2024-cü il ərzində ardıcıl olaraq Qazaxıstan, Özbəkistan və Qırğızıstanda keçirilməsinə dair razılıq əldə edilib.
Eyni zamanda, Türk dövlətlərinin könüllü təşkilatlarının rəhbər və nümayəndələri ölkəmizdə olmaqdan məmnunluqlarını bildiriblər. Səfərdə olan qonaqlar ölkəmizin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti, adət-ənənələri haqqında dolğun məlumat əldə edib, son illərdə Azərbaycanın keçdiyi sürətli inkişaf yolu ilə daha yaxından tanış olublar.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət"in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilir.