Türk Dünyası Mahnı Müsabiqəsi - “Türkvizyon” sabah onlayn keçiriləcək
Bakı, 19 dekabr, AZƏRTAC
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi bu il COVID-19 pandemiyası səbəbindən onlayn formatda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 26 ölkə və bölgənin təmsilçilərinin qatılacağı yarışma dekabrın 20-də saat 17:00-da başlayacaq.
Türkiyənin Türk Müzik Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa və digər ölkələrdən təmsilçilər iştirak edəcək. Qalibləri 26 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Müsabiqədə xüsusi “Tamaşaçı rəğbəti” mükafatı da nəzərdə tutulub. Bu mükafat “Sarı Gəlin” mahnısının ifasına görə veriləcək. Tamaşaçı səsverməsi www.turkvizyon.tv saytında keçiriləcək.
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda, yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.
Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanacaq. Azərbaycanda isə yarışmanı TMB TV və “Azad Azərbaycan” telekanallarında izləmək mümkün olacaq.
Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.