Türk immunoloqları yeni xəstəliyin müalicə mexanizmini tapiblar
Bakı, 16 mart, AZƏRTAC
Türkiyə Milli Allergiya və Klinik İmmunologiya Dərnəyinin üzvü, professor Safa Barış və komanda yoldaşları immunologiyada əhəmiyyətli irəliləyiş əldə ediblər. Tədqiqatçılar ciddi allergik problemlərə səbəb olan irsi immun xəstəliyinin (STAT6) mutasiyasını müəyyən edərək müalicə mexanizmi hazırlayıblar. Müalicənin müsbət nəticələri allergiyada ümid işığına çevrilib.
AZƏRTAC Türkiyə saytlarına istinadla bildirir ki, Marmara Universitetinin Tibb fakültəsinin müəllimi, professor Safa Barış, komanda yoldaşları həkim Altan Kara və Harvard Tibb fakültəsinin professoru Talal Chatilanın birgə işi ilə yeni xəstəliyin əmələ gəlməsi və müalicə mexanizmi tibb ədəbiyyatına gətirilib. Yeni təyin olunan xəstəlikdə ağır atopik dermatit, yüksək eozinofil və IgE miqdarı müşahidə edilə bilər. Qrup tərəfindən hazırlanmış müalicə nəticəsində STAT6 diaqnozu qoyulan bir uşaqda xəstəliyin geriləməsi müşahidə edilib.
Tibb ədəbiyyatında ilk dəfə təsvir edilən xəstəlik modelindən əziyyət çəkən şəxslərdə ağır allergik hallar aşkar edilir. Safa Barış və komandası allergik şikayətlərdən əziyyət çəkən bir xəstənin genetik analiz nəticələrində mühüm mutasiya tapıblar. Ətraflı təhlillərdə bu mutasiyanın STAT6 zülalında normadan artıq olduğu görülüb. Müalicədən sonrakı tədqiqatlarda STAT6 zülal aktivliyinin azaldılmasının şikayətlərdə tam yaxşılaşmaya səbəb olduğu və xəstəliklərə nəzarətin əldə edildiyi müşahidə edilib.
Tədqiqatın nəticələri immunçatışmazlığı sahəsində nüfuzlu jurnal olan “Allergiya və Kliniki İmmunologiya”da dərc edilib.