Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB
Şuşa, 8 sentyabr, AZƏRTAC
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər milli-mənəvi dəyərlərimizin qorunması, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədini daşıyır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində reallaşan səfərdə həmin ölkələrdə fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, din xadimləri sentyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəliblər. Nümayəndə heyətinin Şuşa ilə tanışlığı Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanı ilə başlayıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri haqqında məlumat veriblər. Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra şəhərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşanın tarixi-mədəni irsinin bərpası və qorunması istiqamətində də mühüm işlər görülüb.
Səfər zamanı məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub, Yeni Şuşa məscidinin inşasına başlanılıb.
Nümayəndə heyəti Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidləri, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olub, Cıdır düzündən açılan təbiət mənzərələrini seyr edib.
Nümayəndə heyətinin səfər proqramı sentyabrın 9-da davam edəcək.
16:38
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərindən ibarət 50 nəfərlik nümayəndə heyətinin Qarabağa səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlib.
Qonaqlar Şuşanın zəngin tarixi-mədəni və dini-mənəvi irsi, əsrarəngiz təbiəti, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olacaqlar. Din xadimlərinin Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı və Mamayı məscidlərini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarəti, həmçinin Cıdır düzündən Şuşanın təbiət mənzərələrini seyr etmələri nəzərdə tutulur.
Müxbir – Tahir Ağaməmmədov