TÜRKİYƏ HÖKUMƏTİ TERROR QURBANLARININ SAYININ ATMASINDAN NARAHATDIR
Son üç gündə PKK terror təşkilatı ilə döyüşlərdə 17 türk əsgərinin şəhid olması Ankarada ciddi narahatlıq doğurmuş, Baş nazir Ərdoğan artıq bu vəziyyətə dözməyin mümkün olmadığını bildirmişdir. İstirahət günü olmasına baxmayaraq, iyulun 16-da Baş nazirin müavini, xarici işlər naziri Abdullah Gülün sədrlliyi ilə Ankarada təcili toplantı keçirilmiş, bütün qüvvələrin terrorla mübarizəyə cəlb edilməsi barədə qərar qəbul olunmuşdur. Hər iki toplantıda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hilmi Özkök və nazirlər iştirak etmişlər.
Bu arada ABŞ-ın Ankaradakı səfiri Ross Uilson jurnalistlərə müsahibəsində Türkiyənin terrorla mübarizəsini dəstəklədiklərini, lakin bu mübarizənin təkbaşına aparılmasının doğru olmadığını bildirmişdir. Hazırda ölkənin Şırnak və Siirt, Batman bölgələrindəki dağlarda terrorçulara qarşı hava və quru qüvvələrinin iştirakı ilə genişmiqyaslı hərbi əməliyyatlar aparılır.
Türkiyə Nazirlər Şurasının iclasında Yaxın Şərqdəki vəziyyət də müzakirə olunmuşdur. Fələstinin Baş naziri Haniyənin Rəcəb Tayyib Ərdoğanı ölkəsinə dəvət etdiyi və burada vasitəçilik missiyasını yerinə yetirməsini xahiş etdiyi xəbər verilir.