TÜRKİYƏ NATO-NUN ZİRVƏ GÖRÜŞÜNƏ HAZIRLAŞIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, İstanbulda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. Zirvə görüşünün keçiriləcəyi Lütfü Kırdal adına beynəlxalq konqres və sərgi sarayında, xarici dövlət və hökümət başçılarının qaldıqları mehmanxanalarda təhlükəsizliyin təmini üçün 6 mindən artıq polis nəfəri gecə-gündüz növbə çəkəcəkdir. Həmin günlərdə Bosfor boğazından yük gəmilərinin keçməsi dayandırılacaqdır. Polis vertolyotları havadan asayişə nəzarət edəcəkdir. “Türk Hava Yolları” iyunun 28-də və 29-da İstanbulda təyyarələrin gəliş və gedişlərində bəzi gecikmələr ola biləcəyini bildirmişlər.
Zirvə görüşü ərəfəsində İstanbulda böyük abadlıq işləri də aparılmışdır. Şəhərin əsas yollarına 31 min ton yeni asfalt örtük döşənmiş, yol kənarlarına 5728 ağac, 30 min qızılgül əkilmişdir. İyunun 26-dan etibarən İstanbulun mərkəzi həm nəqliyyat, həm də piyadalar üçün bağlanacaqdır. Gediş-gəliş üçün yalnız bu rayonda yaşayan vətəndaşlara və xüsusi buraxılış vərəqələri olan şəxslərə icazə veriləcəkdir. Metronun fəaliyyəti də məhdudlaşdırılacaqdır. Şəhərin mərkəzindəki bu qadağalar əhalinin gündəlik həyatına da təsir göstərir. Buna görə bir çox İstanbullu üçgünlük məzuniyyət alaraq şəhəri tərk edir.
İyunun 27-də, NATO ölkələri müdafiə nazirlərinin və silahlı qüvvələri baş qərargah rəislərinin görüşü keçiriləcəkdir. İyunun 28-də isə dövlət və hökümət başçılarının iclası öz işinə başlayacaqdır.