Türkiyə respublika elan olunduqdan sonra dil islahatlarına başlanılıb - elmi sessiya
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən müəssisənin direktoru professor Nadir Məmmədli bu əlamətdar yubileyin təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil.
İnstitutun Türk dilləri şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov “Cümhuriyyət dövrü türk şeirində “dəniz” konsepti”, aparıcı elmi işçilər filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova “Atatürkün dil islahatları və müasir türk dili”, dosent Təranə Şükürlü “Cümhuriyyət dövründə dil normaları” və dosent Turan Hüseynova “Cümhuriyyət dövründə yazılan qrammatika kitabları” mövzularında məruzə ediblər.
Məruzələrdə bildirilib ki, türk dilinin inkişafında dönüş mərhələsi respublika dövrünə aiddir. Türkiyə respublika elan olunduqdan sonra dildə əsaslı islahatların keçirilməsinə başlanılır. “Dil inqilabı” adı altında keçirilən bu islahatların gedişində türk dilinin əlifbası ərəb qrafikasından latın qrafikasına dəyişdirilib, “Osmanlı dili”, “Osmanlıca” terminləri “Türk dili”, “Türkcə” istilahları ilə əvəz olunub. XX əsrin əvvəllərində dil məsələləri siyasi məsələlərin tərkib hissəsinə çevrildi. Dövrün ziyalıları dərk edirdilər ki, başqa dillər kimi türk dili də inkişaf etməli, ədəbi dil normalarına əsaslanan ana dili olmalıdır. 1920-1930-cu illərdə geniş mətbuat şəbəkəsinin fəaliyyət göstərməsi, məktəb sisteminin genişləndirilməsi ilə əlaqədar dərsliklərin yazılması ədəbi dil normalarının təkmilləşdirilməsini, yaxud yeni normanın təşkilini tələb edirdi.