Türkiyə son on ildə Suriyadakı müharibə qurbanlarına fəal yardım göstərir
İstanbul, 16 mart, AZƏRTAC
Suriyada 2011-ci ilin martından etibarən davam edən vətəndaş müharibəsi nəticəsində yurd-yuvalarından didərgin düşən yerli əhalinin köməyinə artıq uzun illərdir Türkiyə dövləti və xalqı yetişir.
AZƏRTAC xəbər verir ki, Türkiyə hökuməti ilə yanaşı, qardaş ölkənin çoxlu sayda qeyri-hökumət təşkilatı da bölgədə yardım fəaliyyətləri həyata keçirirlər.
Bu təşkilatlar tərəfindən başladılan müxtəlif layihələr çərçivəsində indiyədək bölgədə 1750 ev inşa edilib və daha 1700-nün tikintisi davam edir. Bu ölkədə doqquz mindən artıq evin tikilməsi planlaşdırılır. Bundan əlavə, Suriyanın münaqişə davam edən bölgələrində türk həkimlərdən ibarət heyətlər fəaliyyət göstərirlər. Türkiyəli tibb mütəxəssisləri burada hər həftə əhali arasında müayinələr aparırlar.
“Fərat qalxanı”, “Sülh çeşməsi” və “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı bölgədə hər gün əhaliyə 114 mindən çox çörək və 15 min nəfərlik isti yemək paylanır. Ödənişsiz paltar mağazalarında isə ayda on minə yaxın insan geyimlərlə təmin olunur. Bu bölgədə çoxlu sayda məktəb, reabilitasiya mərkəzi, məscid və bu kimi gündəlik ehtiyac sahələri üzrə də tikililər inşa edilib.
Türkiyəli xeyriyyəçilərin də dəstəyi ilə davam edən yardım kampaniyasına minlərlə adi vətəndaş da qoşulub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul