Türkiyə universitetlərinin tələbə və məzunları 31 mart soyqırımı qurbanlarının xatirəsini anmışlar
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Azərbaycanda Atatürk Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşəbbüsü ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçirilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, Türkiyə universitetləri tələbə və məzunlarının iştirak etdikləri tədbirdə TUMİB-in rəhbəri Çingiz Bayramov 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş kütləvi qətllər, talanlar və digər vandalizm aktları barədə danışmış, bu cinayətlərin səbəb və məqsədlərini açıqlamışdır. Qeyd etmişdir ki, bu faciədə 12 mindən artıq azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Ç.Bayramov erməni millətçilərinin törətdikləri qanlı cinayətlərə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışdır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov xalqımıza qarşı yüz illər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışmış, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin 1948-53-cü illərdə və 1988-ci ildən bu günədək davam etdirildiyini diqqətə çatdırmışdır. Ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından didərgin düşmüşdür. V.Səlimov vurğulamışdır ki, erməni vandalizminin yaxın keçmişdə daha bir bariz nümunəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixində misli-bərabəri olmayan Xocalı soyqırımı ilə yaddaşlara həkk olunmuşdur.
Digər çıxış edənlər də erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri məqsədyönlü soyqırımı və deportasiya siyasətinin xalqımızın tarixinə ağrılı səhifələr kimi daxil olduğunu bildirmişlər.