Türkiyədə 3 və daha çox uşağı olan ailələrə xüsusi güzəştlərin edilməsi təklif olunub
Ankara, 7 sentyabr, AZƏRTAC
Türkiyə əhalisinin sayının azalması ilə bağlı narahatedici tendensiya fonunda ölkənin aparıcı siyasi qüvvələrindən biri olan Milliyyətçi Hərəkat Partiyası (MHP) çoxuşaqlı ailələrə dəstək təşəbbüsü ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, üç və daha çox uşağı olan ailələrə dəstək tədbirlərini nəzərdə tutan “Türkiyənin demoqrafik inkişaf konsepsiyası” adlı məruzə təsdiq olunması üçün MHP-nin lideri Dövlət Baxçalıya təqdim olunub.
11 maddədən ibarət sənəd Türkiyədə doğum səviyyəsinin azalması və əhalinin qocalması ilə bağlı problemin həllinə yönəlib.
Məruzənin müəllifləri, xüsusilə də çoxuşaqlı ailələrə faizsiz, uzunmüddətli ipoteka və avtomobil kreditlərinin verilməsini təklif ediblər.
Eyni kateqoriyaya aid əhali üçün elektrik enerjisi, təbii qaz, su və internetə 50 faizlik güzəştin tətbiq olunması, habelə gəlir vergisinin tamamilə ləğv edilməsi təklif olunur.
Həmçinin 3-cü uşaqdan başlayaraq, təhsil və qidalanma üçün müavinətlərin verilməsi, uşaqların sayından asılı olaraq ödənişlərin məbləğinin artırılması təklif edilib.
Bundan əlavə, məruzədə dövlət sektorunda çalışan analar üçün hamiləlik və doğuşla bağlı məzuniyyət müddətinin artırılmasına çağırış yer alıb. Müvafiq olaraq, hər uşaq üçün analara 12, atalara isə 2 ay ödənişli məzuniyyət verilməsi təklif olunub.
MHP hesab edir ki, çoxuşaqlı ailələrə uşaq bezləri və qidaları pulsuz verilməlidir.
Partiya nümayəndələri əhali artımının tempinin azalmasını Türkiyənin “milli mövcudluğu məsələsi” adlandırıblar.
Qeyd olunur ki, Türkiyədə 2001-ci ildə 2,38 təşkil edən ümumi doğum əmsalı 2014-cü ildən fasiləsiz azalaraq ötən il 1,44-ə çatıb. Yəni son 9 il ərzində bu əmsal əhalinin sayının sabit qalmasını təmin edən məqbul hədd kimi qəbul olunan 2,10 səviyyəsindən aşağı olaraq qalır.