DÜNYA
TÜRKİYƏDƏ SEL, QAR VƏ UÇQUNLAR
Türkiyədəki əlverişsiz hava şəraiti davam etməkdədir. İstanbulun Bahçaköy rayonunda qar örtüyünün qalınlığı 12 sm-ə çatmışdır. Bosfor boğazında tranzit gəmi keçidləri dayandırılmışdır. Şəhərdə çoxlu avtomobil nəqliyyat qəzaları baş vermişdir. Trabzondakı güclü fırtına nəticəsində hava limanı müvəqqəti olaraq bağlanmışdır. Van-Tatvan və Bitlis-Baykan avtomobil magistrallarındakı sel nəqliyyatın fəaliyyətini dayandırmışdır. Ərzurum, Qars, Muş və Mersin vilayətlərinin ərazilərindəki güclü sel nəticəsində yüzlərcə kənd və qəsəbə ilə əlaqə pozulmuşdur. Mersində iki körpü dağılmışdır. Muş vilayətində 13 kənddə evləri su basmışdır. Ərzurumda Oltu çayının daşması nəticəsində 3 nəfər itkin düşmüşdür. Sel və daşqınlar Siirt vilayətində 18 evi tamamilə dağıtmışdır. Bitlisdə bir vətəndaş həlak olmuşdur. Martın 6-da Ağrı vilayətinin Doğu Bəyazid rayonunda baş verən qar uçqunu nəticəsində 7 nəfər vəfat etmiş, 4 nəfər ağır yaralanmışdır. Daşqınlar, sel və qar uçqunları ilə mübarizə üçün bir çox vilayətdə xüsusi komissiyalar yaradılmışdır. Əlverişsiz hava şəraiti Türkiyənin kənd təsərrüfatına da milyonlarla ABŞ dolları məbləğində ziyan vurmuşdur.