Türkiyədə Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir
Ankara, 14 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar bir sıra xatirə və təbliğat xarakterli tədbirlərin keçirilməsini planlaşdırır.
Səfirlik Qazi Universitetində Azərbaycan Tibb Universiteti, həmçinin Ankaranın Etimesqut Bələdiyyəsi ilə birlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş telekonfrans təşkil edəcəkdir.
Bundan əlavə, Keçiörən Bələdiyyəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması, Türkiyə Strateji Araşdırmalar Mərkəzi ilə müştərək konfransın keçirilməsi nəzərdə tutulur. Mətbuatda silsilə məqalələrin dərc olunması, Türkiyənin nüfuzlu “beyin mərkəzləri”ndən olan USAK (Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi) ilə birgə elmi konfransın təşkil olunması da planlaşdırılır.
Türkiyənin Samsun, Adana və Kayseri şəhərlərində də səfirliyin dəstəyi və diaspor nümayəndələrimizin təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbirlərin keçirilməsi gözlənilir.
Yerli KİV-lər tərəfindən işıqlandırılacaq bütün tədbirlərdə Ankarada təhsil alan tələbələrinin və diaspor nümayəndələrinin iştirakının təmin olunması, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanınması məqsədi ilə imza toplanması da nəzərdə tutulur.
Səfirlik tərəfindən Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat hazırlanaraq Ankaradakı diplomatik korpusa, beynəlxalq təşkilatlarının nümayəndəliklərinə, dövlət qurumlarına, “beyin mərkəzləri”nə, KİV və siyasi icmalçıların elektron ünvanlarına göndəriləcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara