Türkiyəli mütəxəssislər Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında olublar
Bakı, 25 sentyabr, AZƏRTAC
Türkiyəli mütəxəssislər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi layihəsi” çərçivəsində keçirilən regional seminarda iştirak edən türkiyəli mütəxəssislərə institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüşdə, həmçinin bitki sağlamlığına dair elmi-nəzəri yeniliklərin, bitki və bitki mənşəli məhsulların zərərverici orqanizmlərdən mühafizəsi, onların yayılmasının qarşısının alınması sahəsində effektiv fitosanitar tədbirlərin tətbiqi üzrə təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Bitki mühafizə vasitələrinin (pestisidlərin) qeydiyyatı və dövriyyəsinin izlənilməsi sahəsində Türkiyədə mövcud sistemin Azərbaycanda tətbiqi ilə bağlı fikir mübadiləsi edilib.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə institutun laboratoriyalarına baxış keçiriblər. Türkiyəli mütəxəssislər sınaqların aparılması prosesini izləyiblər. Onlar səfər çərçivəsində institutun nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasında bitki qulluq və mühafizə vasitələrinin (pestisidlər və gübrələr) tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.