Türkiyənin Egey bölgəsində Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir
Ankara, 20 fevral (AZƏRTAC). Türkiyənin Egey bölgəsində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar konfranslar keçirilmişdir.
Uşak Universitetində keçirilmiş konfransda çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva bildirmişdir ki, Türkiyə və Azərbaycan Xocalı soyqırımını dünyada tanıtmaq və qondarma “erməni soyqırımı” təbliğatını ifşa etmək üçün birgə hərəkət etməlidirlər. Bu məsələdə sosial medianın imkanlarından daha fəal şəkildə istifadə olunmalı, erməni yalanları sənəd və tutarlı faktlarla ifşa edilmişdir.
Milli Məclisin deputatı salona toplaşanlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və ermənilərin xalqımıza qarşı törətdikləri digər qətliamlar haqqında ətraflı məlumat vermişdir.
Konfrans iştirakçıları Uşak valisi Mehmet Ufuk Erden, bələdiyyə sədri Əli Ərdoğanla da görüşmüşlər. Vali və bələdiyyə sədri bildirmişlər ki, Türkiyənin də faciəsi olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması haqqında bələdiyyə məclisinin qərarı tezliklə icra olunacaqdır.
Daha bir konfrans Manisa vilayətindəki Turqutlu şəhərində keçirilmişdir.
Bu tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva, İzmirin Doqquz Eylül Universitetinin dosenti Vəfa Qurban və araşdırmaçı Hüseyn Adıgözəl Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı təcavüzü, Anadolu və Azərbaycanda erməni quldur dəstələrinin törətdikləri qətliamlardan bəhs etmişlər. Tədbir iştirakçılarına Xocalı soyqırımı və digər qətliamlar haqqında kitablar və sənədli filmlərin diskləri təqdim edilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara