Türkiyənin iki şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirlər keçiriləcək
Ankara, 19 may, AZƏRTAC
Türkiyənin Adana və Kahramanmaraş şəhərlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ilk tədbir may 21-də Adana şəhərindəki Heydər Əliyev adına texniki-peşə liseyində baş tutacaq. Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunacaq proqram çərçivəsində görkəmli dövlət xadiminə həsr edilmiş inşa və şeir müsabiqələrinin qalibləri mükafatlandırılacaq.
Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə həsr olunmuş digər tədbir isə mayın 23-də Kahramanmaraş şəhərindəki Azərbaycan məhəlləsində yerləşən Heydər Əliyev adına ibtidai məktəbdə keçiriləcək. Tədbirin təşkilatçısı yerli təhsil idarəsidir və onun çərçivəsində Heydər Əliyevə həsr olunmuş sərgilər nümayiş ediləcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara