Türkiyənin müəllim və şagird heyəti BMU-da olub








Bakı, 9 aprel, AZƏRTAC
İstanbul Özəl Yəsəvi Aviasiya Məktəbi və Antalya Qızıl Qanadlar Aviasiya Liseyinin 50 nəfərdən ibarət müəllim və şagird heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
BMU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın “AZGİS” və Türkiyənin “Maiden Flight Tech Havacılık” şirkətləri arasında əməkdaşlıq çərçivəsində gerçəkləşən ziyarət zamanı türkiyəli qonaqlar ali məktəbin müasir laboratoriyalarını və Texnoparkını gəziblər. Nümayəndə heyəti burada yaradılmış şərait, həmçinin tələbələrin innovativ layihələri ilə yaxından maraqlanıb, onların hazırladıqları startaplara baxıblar.
Sonra rektor Yaqub Piriyev nümayəndə heyətinin rəhbər şəxsləri ilə görüşüb. Görüşdə Türkiyə-Azərbaycan dostluğundan geniş bəhs edilib, iki qardaş ölkə arasında təhsil sahəsində genişlənən əməkdaşlığın əhəmiyyətinə toxunulub. Yaqub Piriyev, eyni zamanda, gənc ali təhsil ocağı olan BMU haqqında və həyata keçirilən yeniliklərlə bağlı qonaqlara geniş məlumat verib, o cümlədən universitet tələbələrinin beynəlxalq yarışlardakı, xüsusilə “TEXNOFEST”dəki uğurlarını diqqətə çatdırıb.
Görüşdə “Maiden Flight Tech Havacılık” şirkətinin rəhbəri Vedat Güneş, İstanbul Özəl Yəsəvi Aviasiya Məktəbinin İdarə Heyətinin sədri Ali Kodalak, Antalya Qızıl Qanadlar Aviasiya Liseyinin qurucusu Süleyman Güven və başqaları çıxış edərək BMU ilə tanışlığın, universitetdə tələbələr üçün yaradılan şəraitin onlarda böyük məmnunluq doğurduğunu bildiriblər.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edən görüşdə, həmçinin Türkiyə məktəblilərinin gələcəkdə BMU-da ali təhsil imkanları nəzərdən keçirilib.