Türkmənistanda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
Aşqabad, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi keçirilib.
Mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Səfirliyin müvəqqəti işlər vəkili Zəbi Axundov çıxış edərək 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə Azərbaycanda dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. Qeyd edib ki, hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək və ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan edib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi qayğı və diqqət göstərilməsindən söhbət açıb.
Z.Axundov ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və Azərbaycan xalqının üzləşdiyi digər qanlı faciələrə dair bir çox sənədlərin nəşr olunduğunu və hazırda Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə fəaliyyətin davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, bu faciələrlə bağlı Heydər Əliyev Fondu tərəfindən də bir çox sənədli materialların hazırlanıb.
Anma mərasimində çıxış edənlər 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən törədilmiş faciənin Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olduğunu, Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını bildiriblər.
Sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş olunub. Səfirliyin zalında Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayəti əks etdirən materiallardan ibarət xüsusi guşə yaradılıb.
Mərasim iştirakçılarına səfirlik tərəfindən hazırlanmış xüsusi fotoalbom, habelə xalqımızın üzləşdiyi bu və digər faciələrlə bağlı Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış materiallar paylanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad