Ucarda şəhidin doğum günü qeyd olunub
Ucar, 22 aprel, AZƏRTAC
Ucarda şəhid Namiq Qarakişi oğlu Qarayevin doğum günü uyuduğu Qazıqumluq kənd qəbiristanlığında məzarı üstündə qeyd olunub. Anım mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, kənd sakinləri, gənclər və şəhidin doğmaları iştirak ediblər. Yaşasaydı, Namiq Qarayevin 42 yaşı tamam olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimə gələnlər şəhidin məzarı üzərinə əklil və çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Çıxışlarda şəhid Namiq Qarayevin şərəfli ömür yolundan danışılıb. Qeyd olunub ki, 1979-cu ilin aprelində dünyaya göz açan Namiq böyüyüb boya-başa çatdığı Qazıqumlaq kəndində tam orta məktəbi bitirib. 1997-ci ildə həqiqi hərbi xidmətə gedib. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Yevlax Dəmiryol Stansiyasında çalışıb. Hərbi sahəyə marağı onu yenidən ordu sıralarına qaytarıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Namiq də ön cəbhədə döyüşlərə qatılıb. Murovdağ, Kəlbəcər döyüşlərində qəhrəmancasına vuruşub. Oktyabrın 1-də düşmənlə döyüşdə şəhidlik zirvəsinə ucalıb. Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qısa vaxtda, cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığı, Namiq və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağı söylənilib. Sonda mərasim iştirakçıları şəhidin ailəsinə baş çəkiblər.