Üç ayda ölkədə 16,5 min yeni iş yerləri açılıb
Bakı, 30 may, AZƏRTAC
Cari ilin I rübü ərzində ölkədə 16,5 min yeni iş yerləri açılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 90 faizi qeyri-dövlət sektorundadır. Yeni açılmış iş yerlərinin 81 faizi Bakı şəhərinin, 0,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,8 faizi digər regionların, o cümlədən 3,9 faizi Şəki-Zaqatala, 3,7 faizi Abşeron-Xızı, 2,5 faizi Gəncə-Daşkəsən, 1,7 faizi Şirvan-Salyan, 1,5 faizi Quba-Xaçmaz, 1,1 faizi Lənkəran-Astara, 0,9 faizi Qarabağ, 0,9 faizi Qazax-Tovuz, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,5 faizi Mərkəzi Aran, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 10,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 88,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,3 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 22,4 faizi tikinti, 20,8 faizi ticarət, həmçinin nəqliyyat vasitələrinin təmiri, 9,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 9,1 faizi emal sənayesi, 6,3 faizi peşə, elmi və texniki fəaliyyət, 4,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi təhsil, 12,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, hesabat dövründə ölkədə 1,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 46,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 34,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 65,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.