REGİONLAR
Üç rayonda əkin sahələrindən 3,4 min ton zərərli duz kənarlaşdırılıb VİDEO
Salyan, 3 noyabr, AZƏRTAC
Meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Bu baxımdan meliorasiya və su təsərrüfatı üzrə mühüm layihələr həyata keçirilir, ardıcıl tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, regionların inkişaf proqramında nəzərdə tutulduğu kimi əhalinin davamlı olaraq ərzaq məhsulları ilə təmin edilməsi, taxılçılıq və pambıqçılığın inkişaf etdirilməsi bir hədəf kimi qarşıya qoyulub. Üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirmək üçün Aşağı Muğan Meliorativ Sistemləri İstismarı İdarəsi də işlərini günün tələbləri səviyəsində qurub. İdarənin əsas məqsədi kollektor-drenaj şəbəkəsində olan qrunt suları nasos stansiyaları vasitəsilə çəkərək dənizə ötürməkdən ibarətdir.
Salyan, Neftçala, Sabirabadda kənd təsərrüfatının inkişaf etdirilməsində böyük rol oynayan İdarə tərəfindən kollektor-drenaj şəbəkələri vasitəsilə bu ilin 9 ayı ərzində 752 milyon kubmetr qrunt suyu dənizə axıdılıb və 3,4 min ton zərərli duz əkin sahələrindən kənarlaşdırılıb. Kollektorlarda mütəmadi olaraq lildən təmizlənmə işlərinin aparılması və qrunt sularının qısa müddət ərzində nasoslarla kənarlaşdırılması hesabına torpaqların münbitliyi artıb və məhsuldarlıq bol olub.
Kollektor-drenaj şəbəkəsi üzərində 37 ədəd hidrotexniki qurğu təmir edilərək fermerlərin istifadəsinə verilib.
Aşağı Muğan Meliorativ Sistemləri İstismarı İdarəsinin hazırda elektrik enerjisi ilə işləyən 80 ədəd və dizel ilə işləyən 1 ədəd nasos aqreqatı fəaliyyət göstərir. Bu il 38 nasos aqreqatında və 54 elektrik mühərrikində cari təmir işləri başa çatdırılıb, nasos stansiyaları işlək vəziyyətdə saxlanılıb.
Salyanın Marışlı, Sarvan, Dayıkənd, Şorsulu, Neftçalanın Yuxarı Qaramanlı, Aşağı Qaramanlı, Qaçaqkənd, Xol Qaraqaşlı, Sabirabadın Axtaçı və Həşimxanlı kəndlərində kollektor-drenaj şəbəkələrinin lildən təmizlənmə işləri davam etdirilir.