Üçüncü Avropa Oyunları Polşanın Krakov şəhərində keçiriləcək
Minsk, 22 iyun, AZƏRTAC
İyunun 22-də Belarusun Minsk şəhərində Avropa Olimpiya Komitələrinin fövqəladə Baş Assambleyası keçirilib.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Avropa Olimpiya Komitələrinin icraiyyə komitəsinin üzvü Çingiz Hüseynzadə təmsil edib.
İclasda müzakirə olunan əsas məsələ üçüncü Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi olub. Baş Assambleya Polşanın Krakov şəhəri tərəfindən təqdim olunan ev sahibliyi ərizəsini müzakirə etdikdən sonra üçüncü Avropa Oyunlarının 2023-cü ildə Krakov şəhərində keçirilməsi qərarı təsdiqlənib.
Qeyd edək ki, Avropa Oyunları Avropa Olimpiya Komitəsinin idarəçiliyi ilə dörd ildən bir keçirilir. Yarışma ilk dəfə 2015-ci ildə Bakı şəhərində təşkil olunub. Həmin yarışda 5700 idmançı 31 növ üzrə 253 mükafat uğrunda mübarizə aparıb.
İkinci Avropa Oyunları Belarusun paytaxtı Minskdə keçirilir. İyunun 30-dək davam edəcək yarışlarda 15 idman növündə 199 mükafatın sahibi müəyyənləşəcək. Oxatma, karate və stolüstü tennis idman növləri üzrə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazandıracaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk