UEFA Avropa Liqasında səkkizdəbir finalın bütün iştirakçıları bu gün müəyyənləşəcək
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində növbəti oyunlar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ötən gün ilk səkkizdəbir finalçının adı məlum olub. Portuqaliyanın “Braqa” klubu ilk turu keçən tərəf olub.
Mərhələnin digər matçları isə bu gün oynanılacaq. Əvvəlcə İstanbulun “Fənərbağça” komandası Moskvada “Lokomotiv”in qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da start veriləcək qarşılaşma prinsipiallığı ilə diqqət mərkəzindədir. “Fənərbağça” səfərə İstanbulda əldə etdiyi 2:0 hesablı qələbənin verdiyi üstünlüklə yollansa da, “dəmiryolçular” ən azından evdə məğlub olmamaq üçün azarkeş dəstəyindən yararlanmağa çalışacaq.
Türkiyənin digər təmsilçisi “Qalatasaray” isə Romada “Latsio” komandası ilə qarşılaşacaq. “Türktelekom Arena”da qollu heç-heçə razılaşan “sarı-qırmızılılar” mübarizəni davam etdirmək üçün ya qələbə qazanmalı, ya da böyük hesablı heç-heçə nail olmalıdırlar.
İspaniyanın bu turnirdəki dörd klubundan artıq ikisini səkkizdəbir finala adlamış hesab etmək olar. İlk görüşdə böyük hesablı qələbə qazanan “Sevilya” və “Valensiya” üçün cavab matçı formal xarakter daşıyır. “Atletik”in də işi xeyli asandır. Çünki bilbaolular səfərdə bir qolla məğlub etdikləri “Marsel”i bu dəfə doğma meydanda qonaq edəcəklər. Yalnız “Vilyareal”ı çətin sınaq gözləyir. “Vilyareal” ilk görüşdə “Napoli”yə bir topla qalib gəlsə də, indi bu üstünlüyü Neapolda qorumalıdır.
Danimarkada “Midtyulland”a sürpriz şəkildə uduzan “Mançester Yunayted” bunun təsadüfi olduğunu “Old Trafford”da sübut etməlidir. İngiltərənin digər təmsilçiləri “Liverpul” və “Tottenhem” isə səfərdə əldə edilən sərfəli nəticədən yararlanaraq doğma meydanlarında mərhələni keçməyə çalışacaq.
Fevralın 25-də UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşlərinin tam siyahısı aşağıda təqdim olunur:
“Lokomotiv” (Rusiya) - “Fənərbağça” (Türkiyə). İlk oyun - 0:2.
“Atletik” (İspaniya) - “Marsel” (Fransa). İlk oyun - 1:0.
“Bayer” (Almaniya) - “Sportinq” (Portuqaliya). İlk oyun - 1:0.
“Krasnodar” (Rusiya) - “Sparta” (Çexiya). İlk oyun - 0:1.
“Latsio” (İtaliya) - “Qalatasaray” (Türkiyə). İlk oyun - 1:1.
“Liverpul” (İngiltərə) - “Auqsburq” (Almaniya). İlk oyun - 0:0.
“Rapid” (Avstriya) - “Valensiya” (İspaniya). İlk oyun - 0:6.
“Şalke” (Almaniya) - “Şaxtyor” (Ukrayna). İlk oyun - 0:0.
“Bazel” (İsveçrə) - “Sent-Etyen” (Fransa). İlk oyun - 2:3.
“Porto” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya). İlk oyun - 0:2.
“Mançester Yunayted” (İngiltərə) - “Midtyulland” (Danimarka). İlk oyun - 1:2.
“Mölde” (Norveç) - “Sevilya” (İspaniya). İlk oyun - 0:3.
“Napoli” (İtaliya) - “Vilyareal” (İspaniya). İlk oyun - 0:1.
“Olimpiakos” (Yunanıstan) - “Anderlext” (Belçika). İlk oyun - 0:1.
“Tottenhem” (İngiltərə) - “Fiorentina” (İtaliya). İlk oyun - 1:1.