İDMAN
UEFA Çempionlar Liqası: Bu gün dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq
Bakı, 6 aprel, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin ilk oyunlarına iki matçla yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Gecənin maraqla gözlənilən matçı İngiltərədə turnirin son qalibi "Çelsi" ilə İspaniyanın "Real Madrid" klubu arasında keçiriləcək. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.
Meydan sahiblərinin heyətində yeganə itki Ben Çiluellin zədəli olmasıdır. Qonaqlarda isə 3 futbolçu - İsko, Eden Azar və Luka Yoviç zədə səbəbindən oynamayacaq.
Gecənin digər matçında Almaniyanın "Bavariya" komandası İspaniyada cari mövsüm turnirin sürpriz kollektivi "Vilyarreal"ın qonağı olacaq. La Liqa təmsilçisi əvvəlki raundda İtaliyanın "Yuventus" klubunu mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıb. Görüşün baş hakimi ingiltərəli Entoni Teylor olacaq.
Unay Emerinin baş məşqçi olduğu kollektivdə itki yoxdur. Münxen təmsilçisi isə Erik Şupo-Motinq və Korenten Tolissonun xidmətindən yararlana bilməyəcək. Hər iki oyunçu zədədən əziyyət çəkir.
Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.
Xatırladaq ki, ötən gün "Mançester Siti" öz meydanında "Atletiko Madrid"dən (1:0), "Liverpul" isə səfərdə "Benfika"dan üstün olub (1:3).