UEFA Çempionlar Liqasında səkkizdəbir finalın cütlükləri bəlli olub [YENİLƏNİB]
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə qrup mərhələsindən yüksələn 16 komanda 8 cütlük təşkil edib.
Püşkatma mərasimlərinin ənənəvi iştirakçısı olan UEFA-nın baş katibi Canni İnfantino ilə yanaşı, tanınmış futbolçu Xavyer Zanetti və qurumun rəsmisi Corcio Marketti də tədbirə qatılıb. Püşkatmanın nəticəsi olaraq səkkizdəbir finalda aşağıdakı komandalar üz-üzə gələcəklər:
"Gent" (Belçika) - "Volfsburq" (Almaniya)
"Roma" (İtaliya) - "Real" (İspaniya)
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)
"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)
PSV (Hollandiya) - "Atletiko" (İspaniya)
"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)
"Dinamo" (Ukrayna) - "Mançester Siti" (İngiltərə)
Ümumilikdə, 10 ölkə təmsilçisinin iştirak edəcəyi səkkizdəbir final mərhələsinin ilk qarşılaşmaları 16-17 və 23-24 fevralda təşkil olunacaq. Cavab görüşləri isə 8-9 və 15-16 martda keçiriləcək.
11:53
Bu gün futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının səkkizdəbir final mərhələsinin cütlükləri məlum olacaq.
AZƏRTAC xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək.
Qrup liderləri ilə ikincilərin fərqli səbətdə yer aldığı püşkatmanın nəticəsi olaraq birinci yerin sahibləri növbəti mərhələdə ikincilərlə qarşılaşacaq. Qaydalara əsasən, ilk qarşılaşma qrup ikincisi komandanın meydanında keçiriləcək.
Bu mərhələdə eyni ölkə təmsilçiləri, eləcə də bir qrupda mübarizə aparmış komandalar üz-üzə gəlməyəcək.
Bütövlükdə, səkkizdəbir final mərhələsində 10 ölkənin təmsilçisi iştirak edəcək. İspaniya və İngiltərə hərəyə üç, Almaniya ilə İtaliya hərəyə iki, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçika isə bir komanda ilə turnirə davam edəcəklər.
Püşkatmanın səbətləri aşağıdakı kimidir:
Qrup qalibləri: “Real”, “Atletiko”, “Barselona” (İspaniya), “Volfsburq”, “Bavariya” (Almaniya), “Mançester Siti”, “Çelsi” (İngiltərə), “Zenit” (Rusiya)
Qrup ikinciləri: “Arsenal” (İngiltərə), “Yuventus”, “Roma” (İtaliya), PSJ (Fransa), “Benfika” (Portuqaliya), “Dinamo” (Ukrayna), PSV (Hollandiya), “Gent” (Belçika).
Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.