“UKRAYNA-AVROPA İTTİFAQI” ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR
Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatına görə, zirvə görüşü başa çatdıqdan sonra “Ukrayna-Avropa İttifaqı” birgə bəyanatı imzalanmışdır.
Sənəddə deyilir ki, Aİ-nin liderləri Ukrayna ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək yeni sazişin imzalanmasına dair məsləhətləşmələrə dərhal başlamağa hazır olduqlarını bildirmişlər.
Liderlər demokratiyaya və islahatlara sadiqliyin Ukrayna üçün və onun Avropa İttifaqı ilə münasibətləri üçün yeni perspektivlər açması faktını müsbət qiymətləndirmişlər. Onlar Ukrayna ilə Avropa İttifaqı arasında tərəflərin 2005-ci il fevralın 21-də imzaladıqları fəaliyyət planının yerinə yetirilməsində nəzərəçarpan irəliləyişin təmin olunması yolu ilə yaranmış münasibətlərin dərinləşməsini və möhkəmlənməsini alqışlayırlar.
Avropa İttifaqının liderləri əmindirlər ki, 2006-cı ildə parlament seçkiləri beynəlxalq standartlara uyğun keçiriləcəkdir.
Avropa İttifaqı liderlərinin birgə bəyanatında Dnestryanı münaqişənin nizama salınması ilə bağlı danışıqlar prosesinin bərpa edilməsində Ukraynanın fəal və konstruktiv rolu da bəyənilmişdir.
Ukrayna tərəfindən Prezident V.Yuşşenko və Avropa İttifaqı tərəfindən Böyük Britaniyanın Baş naziri Toni Bleyer Avropa İttifaqı ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalamışlar.
Avropa İttifaqı ilə Ukrayna arasında mülki qlobal naviqasiya peyk sistemi sahəsində əməkdaşlıq haqqında və hava əlaqəsinin bəzi cəhətləri haqqında saziş də bağlanmışdır.