UKRAYNA DÖVLƏT MÜHAFİZƏSİ İDARƏSİNİN GENERALI TƏKZİB EDİR
Kislovun sözlərinə görə, “bu, özünə qəhrəman və mücahid imici yaratmaq üçün Melniçenkonun uydurduğu əfsanədir”. Melniçenko 1996-cı ildən Prezidentin mühafizəsinə ezam olunmuş xüsusi texniklər qrupunda çalışmışdır. Onun vəzifəsi dövlət başçısı ezamiyyətlərdə olarkən getdiyi binalarda metal aşkarlayan detektor qoymaq idi. General vurğulamışdır ki, Melniçenko hər gün söhbətləri lentə ala bilməzdi, çünki Kuçmanın kabinetinə daxil olmaq səlahiyyəti yox idi. Prezidentin kabinetinə daxil olmağa beş adamın – katibin, xadimənin və onun rəsmi şəxsi mühafizəsinin ixtiyarı vardı.
Melniçenkonun Ukraynaya qayıtmasını Kislov seçkilərlə, habelə onunla bağlayır ki, “bəzi siyasi qüvvələr siyasi qalmaqalı yenidən şişirtmək istəyirlər”. “Bəs Melniçenkonun lent yazıları kimə gərək idi?” sualına general belə cavab vermişdir: “Məncə, bu, Kuçmanı nüfuzdan salıb, vəzifədən uzaqlaşdırmaq məqsədi ilə planlaşdırılmış əməliyyat idi”.
Xatırladaq ki, lent yazıları ilə əlaqədar 2000-ci ilin noyabrında Ukraynada “kaset qalmaqalı” qopmuşdu. Kuçmanın və digər yüksəkvəzifəli şəxslərin söhbətlərinin lent yazılarında korrupsiya əməllərində, hakimlərə, xalq deputatlarına təzyiqlərdə, habelə həmin ilin sentyabrında jurnalist Georgi Qonqadzenin yoxa çıxmasında guya onların əli olduğu barədə məlumat var. Melniçenko Ukraynanı tərk etdikdən sonra Sosialist Partiyasının lideri Aleksandr Moroz lent yazılarını üzə çıxarıb yaymışdır.
Melniçenko keçmiş xalq deputatı Aleksandr Yelyaşkeviçlə birlikdə beş il ABŞ-da qaldıqdan sonra noyabrın 30-da Kiyevə qayıtmışdır.