UKRAYNA EKOLOJİ KVOTALAR SATMAĞA HAZIRDIR
Ukraynada çıxan həftəlik “Delovaya stolitsa” qəzeti yazır ki, nazirlik iki layihə - Çerniqovdakı su kanalında karbon qazı tullantılarının 275 min ton azaldılması və Donetsk vilayətindəki Zasyadko adına şaxtada metan tullantılarının məhdudlaşdırılması layihələri tətbiq edildikdən sonra yaranmış kvotaları satmaq təklifi irəli sürmüşdür. Bu müəssisələrdə “qənaət edilmiş” tullantıları, məsələn, Avropa Birliyi ölkələrindən biri - atmosferə atılan karbon qazı tullantılarının normadan artıq olduğu ölkə ala bilər.
Ukrayna ətraf mühitin mühafizəsi nazirinin birinci müavini Sergey Dovqanın sözlərinə görə, Ukrayna hər il 300 milyon ton parnik qazı tullantılarına kvotaları təklif edə bilər ki, bu da 1,5 milyard dollara bərabərdir.
Parnik qazı tullantılarına kvotaların satışı Kioto protokolunun aspektlərindən biridir. Bu beynəlxalq sənədə uyğun olaraq, atmosferə atılan karbon qazı tullantılarının səviyyəsi 1990-cı ilin göstəricisindən aşağı olan ölkələr öz kvotalarını atmosferin çirklənmə səviyyəsi aşağı düşməyən dövlətlərə satmaq hüququna malikdirlər.