Ukrayna surroqat analar üçün əlverişli bazara çevrilib
Kiyev, 9 iyul, AZƏRTAC
Bu gün Ukraynada daşıyıcı (surroqat) anaların sayı artmaqda davam edir. Surroqat analıq - qadının ona bioloji yad olan körpəni bətnində böyütmək və dünyaya gətirmək üçün könüllü ana olmaqdır. Ukraynanın bu bazarında aktivliyin müşahidə edilməsi ölkədə sosial vəziyyətin aşağı olması ilə izah edilir. Onu da qeyd edək ki, surroqat analıq proqramı üzrə ilk uğurlu əməliyyat 1986-cı ildə Amerikada reallaşdırılıb. Ukrayna dünyadakı altı ölkədən biridir ki, burada pullu surroqat prosesinə icazə verilir. Xüsusilə Tailand və Hindistanda daşıyıcı ana olmağa qadağa qoyulduqdan sonra Ukrayna bu bazarda daha cəlbedici dövlətə çevrilib. Digər tərəfdən Ukrayna bazarı bəzi Avropa və ABŞ-ın bir sıra ştatları ilə müqayisədə qiymətinə görə də əlverişli hesab edilir.
AZƏRTAC-ın sorğusuna cavab olaraq Ukrayna Ombudsman Aparatından bildiriblər ki, daşıyıcı ana olmaq üçün sifarişlər əsasən Şərqi Avropa ölkələri və Çin vətəndaşları olur. Ukraynada surroqat ana olmaq üçün edilən sifarişlərlə bağlı onlarla onlayn saytlar fəaliyyət göstərir. Daşıyıcı analar Ukraynada təxminən 15-30 min dollar arasında qazanc əldə edirlər. Statistik göstəricilərə görə, ildə təxminən 3-5 min uşağı daşıyıcı analar dünyaya gətirir. Əsasən 20-45 yaşarası olan qadınlar daşıyıcı analıq statusuna meyilli olurlar. Apardığımız sorğuya əsasən, bu işlə məşğul olan tibb müəssisələri surroqat ana üçün təxminən 750000 qrivna (təxminən 28 min dollar) təklif edir.
Əsas problemlərdən biri isə daşıyıcı anaların sonrakı müayinələrində, övladların sağlamlığı məsələsinə biganəliyin olmasıdır. Bundan başqa Ombudsman Aparatı hesab edir ki, daşıyıcı analıq məsələsi insan hüquqları prizmasından da baxılmalıdır. Daşıyıcı ananın hamiləliyi dövründə baş verə biləcək neqativ hallara görə kompensasiyanın ödənilməsi məsələləri də hüquqi müstəvidə həllini tapmalıdır. Ukraynada bəzi ekspertlər hesab edir ki, surroqat analıq məsələsi qadağan edilməlidir, bu, kasıb anaların istismarına yol açır.
Onu da qeyd edək ki, Ukraynada bir dəfə uşaq dünyaya gətirən analara daşıyıcı ana olmaq hüququ verilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev