Ukrayna və ABŞ müştərək İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında Saziş imzalayıb
Kiyev, 13 may, AZƏRTAC
Ukrayna və ABŞ müştərək İnvestisiyaların Bərpası Fondunun yaradılması və fəaliyyəti haqqında Saziş imzalayıb. Belə bir fondun fəaliyyəti Yerin təki əməliyyatları ilə təmin edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, Saziş mayın 13-də Dövlət-Özəl Tərəfdaşlığa (PPP) Dəstək Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) arasında imzalanıb.
Diplomatik yazışmaların mübadiləsindən sonra Fond fəaliyyətə mayın 23-də başlaya bilər.
Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko qeyd edib ki, Ukrayna İnvestisiyaların Bərpası Fondunun fəaliyyətə başlaması üçün bütün zəruri prosedurlar başa çatdırıb.
“Bu gün mən ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Deyvisə notasını təqdim etdim”, deyə nazir əlavə edib.
Onun sözlərinə görə, ABŞ-la yeraltı sövdələşmə bərabərdir və gələcəyə hesablanıb. Belə bir sənəd Ukraynanın milli maraqlarına hörmətə əsaslanır və ABŞ-la birgə idarəetmə və investisiyaları nəzərdə tutur. Müqavilədə borcla bağlı heç bir müddəa yoxdur və sırf Ukraynaya sərmayə qoymaq öhdəliyi var.
Xatırladaq ki, mayın 1-nə keçən gecə Ukrayna ilə ABŞ arasında iqtisadi əməkdaşlıq haqqında saziş (“Yerin təki sazişi”) imzalanıb. Bu, Vaşinqtonda baş verib.
Sənəd mayın 8-də Ukrayna Ali Radasında ratifikasiya olunub. Müvafiq qanunu Prezident Volodimir Zelenski də imzalayıb.
Yerin təki sazişinin qüvvəyə minməsi üçün Ukrayna və ABŞ daha iki texniki saziş imzalamalı idi. Bu günkü imzalanma bununla bağlı idi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev