Ukraynada elan edilmiş “Xocalı ayı” çərçivəsində Donetskdə növbəti tədbir keçirilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Ukraynada elan edilmiş “Xocalı ayı” çərçivəsində Donetsk şəhərində İslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Dünya azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin birgə təşəbbüsü ilə toplantı keçirilmişdir.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Donetsk vilayətinin rəsmi nümayəndələri, diaspor fəalları, KİV-lər, tələbələr iştirak etmişlər.
Toplantıda Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov ermənilərin əsrlər boyu Azərbaycanda həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Xocalı soyqırımını insanlığa qarşı bəşəri cinayət adlandıran Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev son illər “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilmiş tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını vurğulamışdır.
Digər çıxış edənlər də ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən danışmışlar.
Tədbirdə Xocalı faciəsindən bəhs edən “Sözün bitdiyi zaman” filmi də nümayiş etdirilmişdir.
Bildirilmişdir ki, İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ukraynada təşkil etdikləri tədbirlər fevralın sonunda BMT-nin və ATƏT-in Ukrayna nümayəndəliklərinin qarşısında keçirəcəkləri etiraz aksiyaları ilə başa çatacaqdır.
######
