Ukraynada Qara Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Kiyev, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Kiyevdəki Müəllimlər Evinin böyük salonunda 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar xatirə gecəsi təşkil etmişlər.
Tədbir iştirakçıları Qara Yanvar şəhidlərinin nurlu xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxışında 20 Yanvar faciəsindən söz açmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən müdafiəçilərinin xatirəsinə göstərdikləri böyük ehtirama görə həmvətənlərimizə və Ukrayna ictimaiyyətinə dərin minnətdarlığını bildirmişdir. Səfir ölkəmizin informasiya blokadasının məngənəsində çırpındığı bir vaxtda - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransında ümummilli lider Heydər Əliyevin çıxışının tarixi əhəmiyyətini vurğulamışdır.
Səfir qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsinin təmin olunmasına xüsusi diqqət yetirir, onlara daim qayğı göstərir.
Qəhrəmanlara ən möhtəşəm abidə isə müstəqil, demokratik və çiçəklənən Azərbaycandır.
UAK-ın sədri İlqar Abbasov, qurumun Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin və digər natiqlər 20 Yanvar şəhidlərinin göstərdikləri misilsiz rəşadətdən, yüksək vətənpərvərlik nümunəsindən söz açmış, onların xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulamışlar.
Tədbirdə “Azadlığa aparan yol” filmi nümayiş etdirilmiş, “Azərbaycan” ansamblının ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənmiş, Kiyev məktəblərində oxuyan azərbaycanlı şagirdlər vətənpərvərlik mövzusunda şeirlər oxumuşlar.
Xatirə gecəsində Azərbaycan səfirliyinin əməkdaşları, Ukrayna ictimaiyyətinin nümayəndələri, Azərbaycan, Türkiyə və yerli KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Ukraynanın Azərbaycan diasporu nümayəndələrinin yaşadıqları bir çox regionlarında da 21 il əvvəl xalqımızın başına gətirilən amansız faciəyə həsr olunmuş matəm tədbirləri keçirilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev