Ukraynada “Ülviləşən Mübariz” adlı mərasim keçirilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş “Ülviləşən Mübariz” adlı anma mərasimi keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə ölkəmizin Ukraynadakı səfirliyinin, Azərbaycan diasporunun nümayəndələri, həmçinin bu ölkənin bir sıra gənclər təşkilatlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişdir.
Mərasimdə çıxış edən Birliyin sədri Anar Tahirov Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Azərbaycan övladlarının keçdiyi mübarizə tarixindən danışmışdır. A.Tahirov tədbirin bu ad altında keçirilməsində əsas məqsədin gənc nəsli 1990-cı ilin Qanlı Yanvarında şəhid olan gənc şair Ülvi Bünyadzadə ilə bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun keçdiyi qəhrəmanlıq yolu barədə məlumatlandırmaq olduğunu demişdir.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə ikinci katibi Asim Osmanov totalitar sovet rejiminin Azərbaycanda törətdiyi qanlı cinayətlərin beynəlxalq aləmə çatdırılmasında və faciəyə hüquqi-siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır.
Tədbirdə çıxış edən 20 Yanvar faciəsinin şahidlərindən Anotoli Federenko müasir silahlarla silahlanmış sovet ordusunun dinc əhaliyə qarşı həyata keçirdiyi bəşəri cinayətin canlı şahidi olduğunu bildirmişdir.
Mərasimdə digər çıxış edənlər də aradan 23 il ötməsinə baxmayaraq faciəni törədənlərin hələ də cəzasız qaldığını tarixi ədalətsizlik kimi qiymətləndirmişlər.
Tədbirdə Azərbaycan həqiqətlərinin ukrayna ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən gənclərə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Gənc Mübariz” fəxri diplomları təqdim olunmuşdur.
Sonda mərasim iştirakçıları Qanlı Yanvardan bəhs edən sərgi ilə tanış olmuşlar.