SİYASƏT
Ukraynanın İqtisadiyyat və Hüquq Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub
Mədəniyyət Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbirin çoxsaylı iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, Odlar Yurdunun qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən, Heydər Əliyev Fondunun təqdim etdiyi rəngarəng çap və rəqəmsal məhsul ilə tanış olublar.
Mərasimdə çıxış edən Azərbaycan səfiri mərkəzin açılmasına görə universitetin rəhbərliyinə, habelə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadova səmimi minnətdarlığını bildirərək xatırladıb ki, bu istiqamətdə pilot layihə cari il Avropa universitetində həyata keçirilmişdi. Səfir əmin olduğunu bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi tələbələrin kreativ layihələrinin həyata keçirilməsinə imkan verəcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin çatdırılması üçün informasiya meydanına çevriləcəkdir.
Sonda səfir ali məktəbin kitabxanasına Azərbaycan haqqında səfirlik tərəfindən Ukrayna dilinə tərcümə olunmuş ictimai-siyasi, elmi ədəbiyyatı, “Azərbaycan xalçaları. İrəvan qrupu” adlı nəfis tərtib olunmuş kitabı hədiyyə verərək yaxın günlərdə mərkəzə kompyuter texnikası hədiyyə edəcəyini vəd edib.
Öz növbəsində Ukraynanın Əməkdar Təhsil İşçisi, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev universitetə diplomatiya və beynəlxalq hüquqa dair öz kitablarını hədiyyə verib.
Ukrayna Azərbaycanlıları Konqresinin yaradıcılarından biri, 2001-2010-cu illərdə bu ölkədə səfir işləmiş Tələt Əliyev, Hikmət Cavadov və başqaları Mədəniyyət Mərkəzinin açılmasına görə ali məktəbin rektorluğuna minnətdarlıqlarını bildiriblər.
Sonra universitetin akt zalında ölkəmizin səfiri 35 nəfər azərbaycanlı tələbəyə iqtisadiyyat üzrə bakalavr diplomlarını təqdim edib.
Tədbirdə Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev, Azərbaycan səfirliyinin əməkdaşları, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, professor Aydın Salmanov, Azərbaycan və Ukrayna Sahibkarlar və Sənayeçilər İttifaqının prezidenti Əli Əliyev, universitetin professor-müəllim heyəti, diasporumuzun üzvləri, tələbə gənclər və başqaları iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev