Ulu öndər Heydər Əliyevin doğum günü Daşkənddə qeyd edilib
Daşkənd, 11 may, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə Ulu Öndərin doğum gününə həsr olunan anma tədbiri keçirilib.
Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeydə keçirilən tədbirdə diplomatlar, Azərbaycan diasporunun fəalları, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmətlə anılıb.
Mərasim iştirakçıları Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı kitab və albomlardan ibarət sərgiyə maraqla baxıblar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, bu böyük şəxsiyyətin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın qazandığı uğurlardan danışıb.
Səfir vurğulayıb ki, xarizmatik və müdrik lider olan Heydər Əliyev ölkəsinin həm Qərb, həm də Şərq ilə sıx əlaqələr qurmasına müvəffəq olub və bununla da Azərbaycanı dünya miqyasında mühüm əhəmiyyət daşıyan ölkələr sırasına daxil edib, ölkəmiz beynəlxalq aləmdə layiqli mövqe tutub.
Səfir bildirib ki, Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çiçəklənməsi, iqtisadi gücünün artırılması istiqamətində mühüm işlər görüb və bu istiqamətdə fəaliyyət davam edir.
Hüseyn Quliyev ermənilərin aprel ayının əvvəllərində Dağlıq Qarabağda törətdikləri təxribatlarla əlaqədar təmas xəttində yaşanan gərginlik və Azərbaycan ordusunun parlaq qələbəsi haqqında da məlumat verib.
Diplomat Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən də söz açıb. Daha sonra Azərbaycanın yaxın dostu Haydbəy Djapaqov çıxış edərək Heydər Əliyevi şəxsən tanıdığını, onun şəxsiyyətinə böyük hörmətlə yanaşdığını deyib, bu böyük siyasi xadimin fəaliyyətinin inkişaf və rifaha yol açdığını vurğulayıb. O, Azərbaycanın inkişafından qürur duyduğunu, ölkəmizin bugünkü uğurlarını yüksək qiymətləndirdiyini söyləyib.
Çıxış edən digər natiqlər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətin inkişafı istiqamətində Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti, dövlətçiliyin möhkəmlənməsi, ordu quruculuğu sahəsindəki xidmətlərindən bəhs edən sənədli film nümayiş etdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd