Ulu Öndər milli zabit kadrlarının hazırlanması üçün misilsiz xidmətlər göstərib
Bakı, 17 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə, Aviasiya dəstəsinin şəxsi heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.
Sonra tədbirdə çıxış edənlər dövlət quruculuğuna böyük töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, dahi rəhbərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli əzmi sayəsində bu gün Azərbaycan beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlib. Ulu Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrik uzaqgörənliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, sosial-iqtisadi inkişafa nail olub, müasir ordu quruculuğu, o cümlədən milli zabit kadrlarının hazırlanması üçün tarixi işlər görüb. Bildirilib ki, Ümummilli Liderin siyasi kursu onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.