ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN QURDUĞU DÖVLƏT ƏBƏDİ YAŞAMAĞA QADİRDİR
Tədbiri giriş sözü ilə açan hərbi prokuror əvəzi İlham Məmmədov, Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, “Əsrin müqaviləsi”nin imzalanması, iqtisadiyyata xarici sərmayələrin cəlb edilməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunun aliliyinə təminat verən vətəndaş cəmiyyəti formalaşdırılması nəticəsində Azərbaycan artıq qüdrətli bir dövlətə çevrilib.
Milli Məclisin deputatı, professor Yaqub Mahmudov çıxışına 1993-cü ilin iyun hadisələrini xatırlatmaqla başladı. Dedi ki, yenicə müstəqillik əldə etmiş Azərbaycan həmin vaxt ciddi təhlükə qarşısında qalmışdı. Belə mürəkkəb və ziddiyyətli məqamda xalq bir xilaskar kimi Heydər Əliyevdən nicat umdu. Və xalqın təkidli çağırışı ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan milli lider sinəsini sipər edərək, ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtardı, ən başlıcası isə müstəqilliyimizin əbədiliyinə təminat yaratdı.
Natiq dedi ki, Heydər Əliyev şəxsiyyətinə tarix öz yüksək qiymətini hələ onun sağlığında verib. Bu isə nadir insanlara nəsib olan xoşbəxtlikdir.
Bir tarixçi kimi, ümummilli liderin həyat və fəaliyyətini altı mərhələyə böldüyünü qeyd edən Y.Mahmudov, buraya dahi şəxsiyyətin Dövlət Təhlükəsizlik Komitəsində, Mərkəzi Komitədə, Siyasi Büroda çalışdığı dövrləri, eləcə də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri əhatə edən zaman kəsiyinin daxil olduğunu söylədi və mərhələlərin hər biri barədə ətraflı məlumat verdi.
Alim ümummilli liderin öz xalqı üçün çox aydın bir yol və daim qalib gəlməyə qadir olan siyasət müəyyənləşdirdiyini vurğulayaraq, onun siyasi varisi İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini konkret faktlarla sadaladı və dedi ki, məhz Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində bu gün Azərbaycan hüquqi, demokratik və dünyəvi bir dövlətə çevrilib. Ölkəmizin müstəqilliyi isə dahi öndərimizin dediyi kimi, daim əbədi olacaqdır.
Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də Heydər Əliyevin öz vətəninə, xalqına misilsiz xidmətlərindən söz açaraq, bunların indiki və gələcək nəsillər üçün örnək olduğunu vurğuladı. Dedi ki, hələ sovet dönəmində Azərbaycanın müstəqilliyini düşünən ümummilli liderimiz milli hərbi kadrların hazırlanmasına ciddi diqqət yetirirdi. Onun təşəbbüsü ilə 1972-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirən gənclərin təhsillərini davam etdirmək üçün keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə göndərilməsi gələcək milli ordunun formalaşmasına zəmin yaradırdı. Ayrı-ayrı neft emalı zavodlarının işinin davamlı olması üçün Bakı-Qroznı neft kəmərinin çəkilməsi, kondisionerlər zavodunun Bakıda tikilməsi məhz Heydər Əliyevin titanik səyləri nəticəsində reallaşdı... Bu dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıdışı isə Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Ölkə sürətli və davamlı inkişaf yoluna çıxaraq, qısa bir müddətdə Avropaya, dünya birliyinə inteqrasiya etdi. Bu gün beynəlxalq aləmdə Azərbaycana böyük etimad bəsləyir, onunla hesablaşırlar. Bir sözlə, Heydər Əliyevin siyasəti, qurduğu dövlət inkişaf yolundadır və bunların da başında Heydər Əliyev siyasətini uğurla davam etdirən İlham Əliyev dayanıb. Mən hesab edirəm ki, vətənini, millətini sevən hər bir Azərbaycan vətəndaşı bu siyasətin daha uğurla həyata keçirilməsinə yardımçı olmalıdır. Biz əlimizdən gələni etməliyik ki, Azərbaycan dövləti daha qüdrətli olsun.