Ulu Öndərin 100 illiyi münasibətilə Xəzər dənizinə 2 milyona yaxın kütüm balığı buraxılacaq
Bakı, 14 aprel, AZƏRTAC
Son illər Azərbaycanda balıq populyasiyasının azalmasını nəzərə alaraq ölkə rəhbərliyinin tapşırığı və Prezident İlham Əliyevin iştirakı ilə bir sıra rayonlarda, o cümlədən azad edilmiş ərazilərdə müxtəlif balıq növləri su hövzələrinə buraxılır. Ölkəmizdə nəsli kəsilməkdə olan balıqlardan biri də Xəzər qızılbalığı idi ki, onun da populyasiyasının artırılması istiqamətində işlər görülür. Azərbaycan Balıqçılar İttifaqı qeyri-dövlət təşkilatı olaraq ölkədə balıq artırma prosesinə öz töhfəsini verir. Belə ki, təsis edildiyi vaxtdan, yəni 2014-cü ildən etibarən su hövzələrinə 5 milyondan çox balıq buraxıb və belə təşəbbüslər davam etdiriləcək. Balıq populyasiyasının artırılması tədbirlərinə dəstək olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən IDEA İctimai Birliyi ilə əməkdaşlıq edilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev jurnalistlərə açıqlamasında deyib.
Ə.Əliyev bildirib ki, mayda Ulu Öndərin 100 illik yubileyi münasibətilə Lənkəranda Xəzər dənizinə 2 milyona yaxın kütüm balığı buraxılacaq.
"Son bir il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə daxili su hövzələrinə bir milyondan artıq balıq buraxmışıq. İttifaq öz hesabına isə 500 minə qədər balıq buraxılışı həyata keçirib", - deyə Ə.Əliyev qeyd edib.