Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar Los-Ancelesdə anım mərasimi təşkil edilib
Bakı, 12 dekabr, AZƏRTAC
ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimi ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə Kaliforniyanın ən qədim məscidlərindən biri olan İnqlvud İslam Mərkəzində təşkil edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda dövlət müstəqilliyinin inkişaf etdiyi, dini sabitliyin möhkəmləndiyi, müsəlman dünyası ilə əlaqələrə töhfə verildiyi diqqətə çatdırılıb. Eyni zamanda, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda insanların bütün dinlərə sərbəst etiqad etmələri üçün yaradılmış şərait və dinlərarası dialoqa töhfəsi barədə danışılıb.
Anım mərasimində çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanov Ulu Öndərin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycanın çağdaş ölkələrdən biri olduğunu diqqətə çatdıran baş konsul ölkəmizin öz ərazilərini düşmən işğalından qurtararaq, ərazi bütövlüyünü, suverenliyini tam təmin etdiyini vurğulayıb.
Sonra Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olan və işğaldan azad edilmiş Şuşanın ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyi barədə məlumat verilib.
İnqlvud İslam Cəmiyyətinin prezidenti Cavid Bava çıxışında Azərbaycana səfəri zamanı müşahidə etdiyi dinlərarası tolerantlıq mühiti barədə təəssüratlarını bölüşüb.
Məsciddə Heydər Əliyevin ruhuna dualar oxunduqdan sonra cümə namazı qılınıb.
Mərasimdən sonra ehsan süfrəsi verilib.