Ümummilli Lider Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində uğurlu siyasət həyata keçirib
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, sentyabrın 1-də Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, konfransda Şirvan şəhər, Sabirabad, Saatlı və Hacıqabul rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla anıblar.
Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şirvan şəhər prokuroru Kamal Talıbov çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə danışıb.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər şöbəsinin rəhbəri Zahid Qəhrəmanov, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov və şəhid atası Alim Zülfüqarovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Şirvan şəhərinə diqqət və qayğısı barədə çıxışları dinlənilib.
İştirakçılar Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.