Ümummilli lider Heydər Əliyevin doğum günü Səudiyyə Ərəbistanı Krallığında qeyd olunub
Ər-Riyad, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində mərasim keçirilib.
Mərasimdə çıxış edən səfir Rasim Rzayev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müasir Azərbaycan tarixindəki rolundan, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik siyasətdən danışıb. Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyəti nəticəsində hazırda Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması, ölkədə dönməz ictimai-siyasi sabitliyə nail olunması, qanunçuluğa təminat verən vətəndaş cəmiyyətinin formalaşdırılması vurğulanıb. Diplomat, həmçinin Azərbaycan - Səudiyyə Ərəbistanı Krallığı dostluğu, iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin inkişafı naminə Ulu Öndərin tarixi xidmətlərindən söz açıb. Diqqətə çatdırılıb ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Ulu Öndər haqqında sənədli film nümayiş olunub.
Sonra tədbir iştirakçıları Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad