Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
Bakı, 10 may, Samirə Allahverdiyeva, AZƏRTAC
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin Vətən qarşısındakı misilsiz xidmətləri Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilib.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn fəal gənc Seymur Ramazanov AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, təhsil sistemində də yaşanan problemlərə son qoyuldu, peşəkar, bacarıqlı müəllimlər öz ali işlərinə-təhsilin idarə edilməsinə gətirildilər. Ulu Öndərin təhsilə qayğısı nəticəsində Azərbaycanda dünya standartlarına uyğun müasir tipli məktəb binaları tikildi, universitet şəhərcikləri yaradıldı.
Seymur Ramazanov qeyd edib ki, dahi şəxsiyyətin daxili və xarici siyasəti, iqtisadi plan və proqramları bu gün Ümummilli Liderin məktəbinin layiqli yetirməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.