Ümummilli Liderin 100 illik yubileyi münasibətilə gənc alimlər arasında şahmat turniri keçirilib
Bakı, 17 mart, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun gənc əməkdaşları arasında şahmat turniri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində müəssisənin baş direktoru akademik Akif Əlizadə çıxış edib. Akademik deyib ki, Novruz bayramı ərəfəsinə təsadüf edən bu idman tədbiri gənc nəslin tarixi keçmişə, milli adət-ənənələrə, eləcə də müdrik insanlarımıza ehtiramının nümunəsi sayılmalıdır.
Sonra turnir iştirakçıları arasında püşkatma keçirilib. Eyni vaxtda oğlan və qızlardan ibarət iki qrup şahmat bacarıqlarını nümayiş etdiriblər.
İnstitutun 13 əməkdaşının üçgünlük idman mübarizəsində həm qızlar, həm də oğlanlar arasında I, II və III yerləri bölüşmüş gənclər müəyyənləşib və onlara müvafiq diplom, pul mükafatları və sertifikatlar təqdim edilib.
Tədbirin sonunda turnir iştirakçılarından Əminə Şirinova pianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib.