ÜMUMMİLLİ LİDERİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MİNİ-FUTBOL TURNİRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 21-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və ARDNŞ “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə YAP Gənclər Birliyinin respublika təşkilatları arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş mini-futbol turnirinə start verilmişdir. Açılış mərasimində YAP Gənclər Birliyinin sədri Ramin Həsənli və “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov ümummilli lider Heydər Əliyevin idmanın inkişafı üçün gördüyü böyük işlərdən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, turnir iştirakçılarına uğurlar arzulamışlar.
Yarışda komandalar 10 zona üzrə mübarizə aparırlar. Zona yarışlarının qalibləri mayın 2-dən 8-dək Bakıda final mərhələsində güclərini sınayacaqlar.
Turnirin Bakı-1 zonası üzrə oyunları “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilmişdir.
Səbail rayonunun yığma komandası Əzizbəyov futbolçuları ilə qarşılaşmışlar. Gərgin keçən oyunda Səbailin gənc YAP-çıları rəqiblərini 7:2 hesabı ilə məğlub etmişlər.
Digər qarşılaşmalarda Sabunçu, Nərimanov və Nizami rayonunun
komandaları qalib gəlmişlər.
Turnirdə 1-ci, 2-ci və 3-cü yerləri tutacaq komandalar “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin müvafiq dərəcəli diplomları, hədiyyə, diplom, medal və kubokla mükafatlandırılacaqlar.
