Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü Samuxda qeyd edilib
Samux, 8 may, AZƏRTAC
Müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Samux rayonunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samux şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin adını daşıyan parkda dahi rəhbərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev və digərləri çıxışlarında bildiriblər ki, bugünkü müstəqil, qüdrətli və güclü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Vurğulanıb ki, ölkənin inkişafının möhkəm təməlini Heydər Əliyev qoyub və bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılmış Zəfərimiz, xalqımızın ən böyük tarixi nailiyyətlərindən olan ərazi bütövlüyümüzün bərpası Ulu Öndərin ideyalarının davamı olaraq müasir Azərbaycanın tarixində mühüm yer tutur.
Sonda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii proqram təqdim olunub.