ÜMUMMİLLİ LİDERİN MÜƏYYƏNLƏŞDİRDİYİ SİYASİ XƏTT AZƏRBAYCANI TƏRƏQQİYƏ QOVUŞDURACAQDIR
Anma mərasimində Ali Məhkəmənin sədri Ramiz Rzayev müdrik və uzaqgörən şəxsiyyət Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə sıx bağlılığını nəzərə çarpdırmışdır.
Natiq ümummilli lider Heydər Əliyevin amallarının xalqımızın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək, bu amalların ölkəmizi tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.
Mərasimdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətini örnək kimi qəbul etdiklərini bildirmiş və qürur hissi ilə vurğulamışlar ki, Ali Məhkəmənin bugünkü hakim korpusu məhz Heydər Əliyevin təqdimatı ilə formalaşdırılmış və indi də fəaliyyət göstərir.
“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” – ümummilli liderin bu sözlərinin fəaliyyət devizləri olduğunu bildirən natiqlər ulu öndərin ideallarına sədaqətlə xidmət edəcəklərini söyləmişlər.